REGİONLAR
Salyanda 191 milyon manatlıq məhsul istehsal olunub
Salyan, 21 iyul, Mahir Babayev, AZƏRTAC
İlin ikinci rübündə Salyanda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Cari ilin 6 ayında məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 13 milyon 341 min manat artaraq, 191 milyon 187 min manata çatıb. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi bir milyon manat çoxalaraq 78 milyon 483 min manat olub.
AZƏRTAC xəbər verir ki, bu faktlar Salyanda 2017-ci ilin ikinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov yığıncaq iştirakçılarının diqqətinə çatdırıb ki, hesabat dövründə Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına qəzalı vəziyyətdə olan şəhər 2 və 3 saylı tam məktəblərin ərazisində inşa olunan 1200 şagird yerlik yeni məktəb binasının tikintisi, Kürsəngi kənd tam orta məktəbində əsaslı təmir işləri, rayon Prokurorluğunun, 24 mənzilli 5 və 27 mənzilli yeddimərtəbəli yaşayış binalarının, “Bazar-ticarət mərkəzi”nin, “Azərişıq” ASC tərəfindən Salyan şəhərində və Kərimbəyli kəndində 110 kilovoltluq yarımstansiyaların tikintisi davam etdirilib, "SÜNBÜL-2012" MMC tərəfindən un dəyirmanının inşası başa çatdırılıb.
Rayonun Xocalı və Cəngan kəndlərində ibtidai məktəblər üçün Təhsil Nazirliyi tərəfindən modul tipli müasir məktəb binalarının quraşdırılmasına, “Bayraq meydanı”nda sahəsi 313 kvadratmetr olan “Bayraq muzeyi”nin tikintisinə başlanılıb.
Ötən dövrdə rayonda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, Ələt-Astara magistral və Çuxanlı-Gəncəli-Piratman-Parça Xalac-Seyidan kəndlərini birləşdirən avtomobil yollarında işlər əsasən başa çatdırılıb, Qaraçala-Düzənlik-Peyk kəndlərini birləşdirən yolda tikinti işlərinə start verilib.
Qeyd olunub ki, sənaye məhsullarının ümumi həcmi 4 milyon 883 min manat artaraq 36 milyon 732 min manata, əhaliyə göstərilən pullu xidmət isə 3 milyon 58 min artaraq 28 milyon 764 min manata çatıb. Bir nəfərə düşən məhsul buraxılışının həcmi 1405 manat, orta aylıq əməkhaqqı isə 325 manat olub. Hesabat ilində əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 1559 daimi iş yeri yaradılıb.
2017-ci ilin məhsulu üçün 21640 hektar sahədə taxıl, 1512 hektar yonca, 926 hektar dən üçün qarğıdalı, 120 hektar şəkər çuğunduru, 12,8 hektar soya, 362 hektar kartof, 1286,4 hektar tərəvəz, 968 hektar sahədə bostan məhsulları, 7052,4 hektar sahədə isə pambıq əkilib. Rayonun Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi 1 hektar olan 8 müasir tipli istixana yaradılıb, Kürsəngi kəndi ərazisində 50 hektar sahədə istixana kompleksinin tikintisinə başlanılıb.
İclasda əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təmin edilməsi sahəsində görülən işlərdən ətraflı söhbət açılıb, təhsil, səhiyyə, mədəniyyət sahəsində qazanılan nailiyyətlər və nöqsanlar göstərilib.
Sonda müzakirə olunan məsələyə dair qərar qəbul edilib.