REGİONLAR
Salyanda Muğan Babazanlı abidələrinin 2800 illik yubileyi əsl bayram şənliyinə çevrilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq oktyabrın 24-də Salyan şəhərində qədim yaşayış məskəninin – Muğan Babazanlı abidələrinin 2800 illiyi təntənə ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində Azərbaycandakı diplomatik korpusun nümayəndələri, nazirlik və komitə rəhbərləri, Milli Məclisin deputatları, respublikanın bir sıra regionlarından qonaqlar iştirak ediblər.
Bayram tədbirləri Salyan şəhərindəki Bayraq Meydanından başlayıb. Musiqiçilərin maraqlı ifası şənliyə qatılan qonaqlar və şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Sonra tədbir iştirakçıları şəhərin mərkəzi meydanına yürüş ediblər. Bayramsayağı bəzədilən, qala divarları ilə əhatə olunan meydanda müxtəlif sərgi və ekspozisiyalarla tanışlıqdan sonra Salyanın keçdiyi inkişaf yolu haqqında film nümayiş olunub.
Mərkəzi meydandakı şənliklər “Cəngi” rəqs ansamblının və musiqi kollektivlərinin çıxışları ilə başlanıb. Təbilçilərin müşayiəti ilə bayram yürüşü davam edib. Süvarilər, cəngavərlər, əsgərlər, hərbi geyimli məktəblilər, gənc İlhamçılar və Heydərçilər, cizgi filmlərinin personajları və bağça uşaqları tədbir iştirakçılarının qarşısından keçiblər.
İdmançılar, velosipedçilər və pəhləvanların nümunəvi çıxışları, idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin keçidi mərasim iştirakçıları tərəfindən maraqla izlənib. Səhəngli qızlar, Salyandakı toy-düyün adətlərini əks etdirən toy karvanı, qədim maşınların keçidi, bölgələrdən gələn musiqi kollektivlərinin ifaları tədbirin rəngarəngliyini daha da artırıb.
Qonaqlara Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə bağlı xatirə hədiyyələri təqdim olunduqdan sonra tədbir Salyan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda davam edib.
Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri konsert proqramı təqdim olunub. Tanınmış incəsənət ustalarının çıxışları və rəngarəng konsert proqramı alqışlarla qarşılanıb.