REGİONLAR
Salyanda Xalq Şairi Xəlil Rza Ulutürkün xatirəsi anılıb
Salyan, 23 iyun, Mahir Babayev, AZƏRTAC
Salyandakı “Ata-oğul” xatirə kompleksinin qarşısında Xalq Şairi Xəlil Rza Ulutürkün xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayonun rəhbər işçiləri, ictimaiyyət nümayəndələri, ziyalılar və şairin doğmaları iştirak edib.
Mərasim iştirakçıları əvvəlcə şairin və onun oğlu – Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Milli Qəhrəman Təbriz Xəlilbəylinin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov mərasimdə çıxış edərək şairin həyat və yaradıcılığından danışıb, onun müstəqilliyi, azadlığı tərənnüm edən əbədiyaşar şerlərinin bu gün də oxucular tərəfindən rəğbətlə qarşılandığını və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, 1960-cı illərdə ədəbiyyata gələn Xəlil Rza Ulutürk özünün alovlu, mübariz ruhlu, döyüşkən poeziyası ilə xalqımızın rəğbətini qazanıb. Şair 1988-ci ildə başlanan milli azadlıq hərəkatının öncüllərindən olub. 1990-cı il 20 Yanvar faciəsindən sonra Mixail Qorbaçovu və SSRİ-nin digər rəhbərlərini tənqid etdiyinə görə həbs olunaraq 9 ay Moskvadakı Lefortovo zindanında saxlanılsa da, şairin əzmi, iradəsi qırılmayıb. O, öz ideyalarına sadiq qalıb.
1994-cü il iyunun 22-də vəfat edən “İstiqlal” ordenli şair Fəxri Xiyabanda dəfn olunub.
Şairin yaxınları Xəlil Rza Ulutürkün xatirəsinə göstərdikləri ehtirama görə mərasim iştirakçılarına minnətdarlıq ediblər.