REGİONLAR
Salyanda baharın gəlişi sevinclə qarşılanıb
Salyan, 17 mart, Mahir Babayev, AZƏRTAC
Salyanda qədim el bayramı olan Novruzun gəlişi münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram şənliyində rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bayram tonqalını yandıraraq, Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edib, hər bir ailəyə ruzi, bərəkət, bol sevinc arzulayıb.
Sonra mərasim iştirakçıları meydanda təşkil edilən xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgilərə, xalça toxuyan xanımların əl işlərinə baxıb, kəndirbazların, pəhləvanların çıxışlarını izləyib, ayrı-ayrı kəndlərin mətbəx və folklor nümunələri ilə tanış olublar.
Meydana Novruzun personajları - Kosa və Keçəlin daxil olması alqışlarla qarşılanıb. “Novruz bayramınız mübarək” mahnısının sədaları altında meydana daxil olan ulu Dədə Qorqud və Bahar qızı qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edib.
Bayram tədbiri rayon mədəniyyət və incəsənət ustalarının rəngarəng konsert proqramı və rəqs nümunələri ilə başa çatıb.