REGİONLAR
Salyanda bu mövsüm 7 min hektar sahəyə çiyid səpilməsi nəzərdə tutulub
Salyan, 2 may, Mahir Babayev, AZƏRTAC
Salyanda çiyid səpini uğurla davam edir. Rayonda bu mövsüm 7 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, səpin başlayandan bu günə kimi rayon üzrə ümumilikdə 4 min 13 hektar sahəyə çiyid səpilib. Havaların əlverişli keçməsindən istifadə edən pambıqçılar səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Pambıq əkini ilə məşğul olan fermerlər müqavilə bağladıqları şirkətlər tərəfindən kənd təsərrüfatı texnikası, toxum, dərman preparatları və gübrə ilə tam təmin olunurlar. Pambıq yetişdirilməsi ilə bağlı fermerlərin gələcəkdə qarşılaşacaqları çətinlikləri aradan qaldırmaq məqsədilə rayonda təcrübəli aqronom və digər kənd təsərrüfatı mütəxəssislərindən ibarət qərargah yaradılıb.
Dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən diqqət fermerlərin bu sahəyə marağını qat-qat artırıb. Hazırda rayonda iri fermerlərlə yanaşı, 4-5 hektar pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar.
Pambıqçılığın inkişafına göstərilən güzəştlərdən yararlanan təcrübəli pambıqçı Mehdi Sultanov bu mövsüm əkin sahələrini genişləndirərək 516 hektar sahədə pambıq əkməyi planlaşdırıb. 20 ildən çox pambıq əkini ilə məşğul olan fermer hər hektara 40-50 kiloqram məhsuldar çiyid toxumu səpməklə kampaniyanı qısa müddətdə başa çatdırmaq üçün işin sürətini günbəgün artırır.
Qeyd edək ki, ötən il rayonda 2200 hektar sahədə pambıq əkilib. Bu il isə rayon pambıqçıları əkin sahələrini genişləndirmək hesabına bu rəqəmi 7 min hektara çatdırmağı qarşılarına məqsəd qoyublar.