CƏMİYYƏT
Salyanda əhalinin tibbi müayinəsini mütəşəkkil keçirmək üçün bütün imkanlar səfərbər edilmişdir VİDEO
Salyan, 21 fevral (AZƏRTAC). Salyanda əhalinin tibbi müayinəsinin yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müayinələrin əksəriyyəti müasir tibbi avadanlıqlarla təchiz edilən Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə, poliklinika, hemodializ, fizioterapiya şöbələrində və laboratoriyada aparılır. Müxtəlif ixtisaslı peşəkar həkimlərdən təşkil olunmuş xüsusi briqadalar kompüter tomoqrafiyası, ultrasəs müayinəsi, exokardioqrafiya, qastroskopiya və digər müayinələr həyata keçirirlər.
Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov AZƏRTAC-a bildirmişdir ki, mayın 1-dək rayonun 117 yaşayış məntəqəsindən on minlərlə sakinin müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Əhalinin aksiyaya daha fəal cəlb olunması üçün xüsusi qərargah fəaliyyət göstərir.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov məlumat vermişdir ki, müayinələrin keçirilməsinə mərkəzi rayon xəstəxanası ilə yanaşı, iki kənd sahə xəstəxanası, 19 həkim və 24 tibb məntəqəsi də cəlb olunmuşdur. Əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edən humanitar aksiyanı yüksək səviyyədə keçirmək və vaxtında başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edilir.