REGİONLAR
Salyanda ekoloji yay düşərgəsinə start verilib
Salyan, 21 iyun, Mahir Babayev, AZƏRTAC
İyunun 21-də IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Neftçala və Salyan rayonlarının Yenikənd, Şəkərli, Kürsəngi, Kürqarağaclı, Tatarməhəllə kəndlərindən 60-dan çox məktəblinin iştirak etdiyi düşərgə Salyan rayonunda təşkil edilib və üç gün davam edəcək.
Düşərgənin açılış mərasimində çıxış edən IDEA İctimai Birliyinin elmi tədqiqat şöbəsinin mütəxəssisi Nəzakət İsayeva bildirib ki, ekoloji yay düşərgəsinin təşkilində əsas məqsəd ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gəncləri bununla bağlı maarifləndirməkdir. Düşərgənin fəaliyyəti dövründə məktəblilər ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edəcəklər. Uşaqlar, həmçinin müxtəlif kiçik ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak edəcək, “Azərbaycan. Ceyranların xilası” adlı sənədli filminə baxacaqlar. Ceyranlarla əyani tanış olmaq üçün məktəblilərin Şirvan Milli Parkına ekskursiyası da təşkil olunacaq. Yekunda düşərgə iştirakçılarına sertifikatlar veriləcək.
“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanıb və hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla davam etdirilir. Bu illər ərzində 150 başdan çox ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilib və onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilir.
IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 2014-cü ildən etibarən ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələri mütəmadi olaraq hər il təşkil edir. Ötən müddət ərzində düşərgələrdə Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara rayonlarından ümumilikdə 300-dən çox məktəbli iştirak edib.