REGİONLAR
Salyanda ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Salyan, 21 aprel, Mahir Babayev, AZƏRTAC
Bu ilin birinci rübündə Salyanda məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2 milyon 658 min manat artaraq 52 milyon 865 min manata çatıb. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi 261 milyon manat çoxalaraq 14 milyon 498 min manat olub.
AZƏRTAC xəbər verir ki, bu faktlar Salyanda 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun məruzəsində səsləndirilib.
Yığıncaqda qeyd olunub ki, hesabat dövründə qəzalı vəziyyətdə olan şəhər 2 və 3 nömrəli məktəblərin ərazisində Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına inşa olunan 1200 şagird yerlik yeni məktəb binasının tikintisi, Kürsəngi kənd tam orta məktəbində əsaslı təmir işləri, rayon Prokurorluğunun, 24 mənzilli 5 və 27 mənzilli 7 mərtəbəli yaşayış binalarının, “Sünbül-2012” MMC tərəfindən un dəyirmanının və Bazar-Ticarət Mərkəzinin, “Azərişıq” ASC tərəfindən Salyan şəhərində və Kərimbəyli kəndində 110 kilovoltluq yarımstansiyaların inşası davam etdirilib.
Rayonun Xocalı və Cəngan kəndlərində ibtidai məktəblər üçün Təhsil Nazirliyi tərəfindən modul tipli müasir məktəb binalarının quraşdırılmasına, Bayraq meydanında sahəsi 313 kvadratmetr olan Bayraq Muzeyinin tikintisinə başlanıb.
Ötən dövrdə rayonda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, Ələt-Astara magistral və Çuxanlı-Gəncəli-Piratman-Parça Xalac-Seyidan kəndlərini birləşdirən avtomobil yollarında işlər əsasən başa çatdırılıb. Salyan-Şirvan yolunda və Qaraçala-Düzənlik-Peyk kəndlərini birləşdirən yollarda tikinti işlərinə başlanılıb.
Qeyd olunub ki, ilin ilk üç ayında əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 1178 daimi iş yeri yaradılıb.
Hesabat və məruzələrdə bildirilib ki, 2017-ci ildə rayonda 7 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Rayonda bu strateji və əmək tutumlu bitkinin əkini üçün hazırlıq işləri görülüb. Artıq səpin işlərinə başlanılıb. Bu günədək, ümumilikdə, 2400 hektar sahəyə çiyid səpilib.
İclasda rayonda əhalinin elektrik, qaz və içməli su ilə təminatı sahəsində görülən işlərdən ətraflı söhbət açılıb, təhsil, səhiyyə, mədəniyyət sahəsində qazanılan nailiyyətlər və nöqsanlar göstərilib.
Yığıncaqda müzakirə olunan məsələlərə dair qərar qəbul edilib.