REGİONLAR
Salyanda ilk dəfə çəltik əkilir
Salyan, 31 may, Mahir Babayev, AZƏRTAC
İndiyədək Salyanda çəltik əkən olmayıb. Çəltik əkmək istəyənlər olsa belə, məhsul əldə edə bilməyəcəklərindən ehtiyatlanaraq risk etməyiblər. Fermerlər bunun səbəbini isə torpağın şoran olması ilə izah edirlər.
AZƏRTAC xəbər verir ki, buna baxmayaraq, bu il ilk dəfə olaraq rayonun Sarvan kəndində çəltik əkininə başlanılıb. Torpaq sahibi Mərdan Cəlilov bu mövsüm 3 hektar sahədə çəltik əkməyi nəzərdə tutub. Fermer cənublu mütəxəssislərin məsləhəti ilə əkindən əvvəl dərin dondurma şumu aparıb, səpinqabağı sahə yenidən şumlanıb. Bundan sonra tirlər düzəldilib, ləklər hazırlanıb və sahə səpinə hazır vəziyyətə gətirilib. Əkin zamanı yerli “Sədr” toxumlarından istifadə edilir. Toxum isə Astara və Lənkəran rayonlarından gətirilib. Artıq iki hektar sahədə səpin aparılıb. İlk əkilən sahələrdə yaxşı cücərti alınıb. Təsərrüfat sahibi hər hektardan 5-6 sentner məhsul əldə etmək niyyətindədir.
M.Cəlilov deyib ki, bu il gözlədiyi məhsuldarlığa nail ola bilsə, növbəti təsərrüfat ilində çəltik sahəsini daha da genişləndirəcək.