REGİONLAR
Salyanda kitab bayramı keçirilib
Salyan, 24 may, Mahir Babayev, AZƏRTAC
Salyanda Nizami Gəncəvi adına Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə VIII Ümumrespublika kitab bayramı ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən mədəniyyət və təhsil işçiləri, gənclər, ziyalılar və şagirdlər əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş, müxtəlif dillərdə nəşr olunmuş kitablardan, yerli yazarların əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri açan kitabxananın əməkdaşı Səadət Yarıyeva 2004-cü ildən bu günədək ölkəmizdə kitabxana işi sahəsində həyata keçirilən islahatlardan, Prezident İlham Əliyevin bu sahənin daha da təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamlardan və kitabxana-informasiya sahəsindəki yeniliklərdən danışıb.
Digər çıxış edən ziyalı Nəbi İbrahimov kitab mədəniyyətinin formalaşması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin dövlətçiliyimizin mədəni inkişafına müsbət töhfələr bəxş etdiyini qeyd etməklə bərabər, müasir dövrümüzdə informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq, kitabların hələ də mədəni tələbatımızın daha dolğun şəkildə ödənilməsində ən dəyərli məlumat mənbəyi olduğunu diqqətə çatdırıb.
Bayram tədbiri rayon Mədəniyyət Mərkəzi kollektivinin rəngarəng konsert proqramı ilə yekunlaşıb.