REGİONLAR
Salyanda ordu sıralarından tərxis olunan gənclərə hərbi bilet verilib
Salyan, 30 iyul, Mahir Babayev, AZƏRTAC
Salyanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Salyan rayon şöbəsinin təşkilatçılığı ilə ordudan tərxis olunan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi Tural Məmmədov tədbirdə çıxış edərək bildirib ki, görüşün keçirilməsində əsas məqsəd ordu sıralarından tərxis olunan gənclərin hərbi xidmətdən sonrakı fəaliyyətini diqqətdə saxlanılmasıdır.
T.Məmmədov dinamik inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğundakı uğurlardan da danışıb. Vurğulanıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də mütəşəkkil ordu yaratmasıdır. Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə Azərbaycanda vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ölkəmizi regionun lider dövlətinə çevirən Prezident İlham Əliyevin ardıcıl səyləri və kompleks tədbirləri nəticəsində isə hazırda Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir orduya çevrilib.
Çıxış edənlər gəncləri təbrik edərək, ordu quruculuğunda görülən işlərdən danışıblar. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti nəticəsi indi Azərbaycan Silahlı Qüvvələri güclü maddi-texniki bazası, şəxsi heyətinin yüksək döyüş və mənəvi psixoloji hazırlığı ilə seçilir.
Vətən qarşısında borclarını yerinə yetirməkdən şərəf hissi duyduqlarını deyən hərbi xidmətdən tərxis olunan gənclər onlara göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər təqdim edilib