REGİONLAR


Salyanda pambıq tədarük məntəqələri yenidən qurulur

Salyan, 8 iyun, Mahir Babayev, AZƏRTAC

Salyanda pambıqçılığın sürətli inkişafı və məhsul istehsalının artırılması ilə əlaqədar pambıq qəbulu məntəqələri yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, sovet dövründə 40-45 min ton pambıq istehsal edən Salyan rayonunda bir neçə pambıq qəbul məntəqəsi fəaliyyət göstərib. Sonralar bu sahə tənəzzülə uğradığından əkin sahələrinin azalması ilə yanaşı, pambıq tədarük məntəqələri də fəaliyyətini dayandırmış, istifadəsiz qalmışdı.

Dövlətimiz tərəfindən pambıqçılığın inkişafına göstərilən diqqət və qayğıdan sonra rayonda pambıq əkini sahələri genişləndirilərək, 7 min hektara çatdırılıb. Sürətlə həyata keçirilən bu işlər pambıq məntəqələrinin bərpa olunmasını aktuallaşdırıb. Təmir işlərinə ilk olaraq rayonun Qızılağac kəndi ərazisində yerləşən “Şəfəq” pambıq tədarük məntəqəsindən başlanılıb. Məntəqə əsaslı təmir edilərək yenidən qurulur. 10 hektar ərazini əhatə edən pambıq qəbulu məntəqəsində 18 pambıq talvarı, tərəzi və inzibati binalar, laboratoriya, ümumilikdə, 40-a yaxın yardımçı tikili inşa ediləcək. Qəbul məntəqəsində təmir işlərinin məhsul yığımına kimi başa çatdırılması nəzərdə tutulub. Məntəqə yenidən qurulduqdan sonra Qızılağac və ona qonşu olan kəndlərin pambıqçıları üçün məhsul təhvili prosesində heç bir çətinlik qalmayacaq.

“Salyan-Pambıq” ASC-nin direktoru Akif Hüseynovunun sözlərinə görə, növbəti ildə də rayonda bir neçə pambıq tədarük məntəqəsinin əsaslı təmiri və yenidən qurulması nəzərdə tutulub.

Qeyd edək ki, əsaslı təmir edilən “Şəfəq” pambıq tədarük məntəqəsi 8 min tona yaxın pambıq qəbul etmək gücünə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.