REGİONLAR
Salyanda silosluq qarğıdalı biçiminə başlanılıb
Salyan, 14 avqust, Mahir Babayev, AZƏRTAC
Salyanda silosluq qarğıdalı biçiminə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bir neçə gündür rayonda silosluq qarğıdalı biçiminə start verilib. Xüsusi kombaynlarla biçilən qarğıdalı lafetlərlə heyvandarlıq komplekslərinə daşınır. Ötən ildəkinə nisbətən bu il rayonda silosluq qarğıdalı sahələri artırılaraq 200 hektara çatdırılıb. Buna səbəb ölkə başçısının əkinlərə görə verilən subsidiyaların məbləğinin artırılması barədə imzaladığı sərəncam olub.
Rayon sakini, fermer Əkbər Camalov bir neçə ildir ki, silosluq qarğıdalı əkini ilə məşğul olur. Onun dediyinə görə, bu il məhsul boldur. Hər hektardan 40 tona yaxın silosluq qarğıdalı gözlənilir. Bu isə mal-qara üçün möhkəm yem bazası deməkdir. Senaj şirəli yem olduğuna görə, iribuynuzlu heyvanların diri çəkisinə, eləcə də südün yağlılığına müsbət təsir göstərir. Silosluq qarğıdalının satılmasında da elə bir problem yoxdur.
Fermerlər deyir ki, müqavilə əsasında silosluq qarğıdalının hər tonunu 35-40 manata heyvandarlıq kompleksinə satırıq. Bu da onlara sərf edir.