REGİONLAR
Salyanda üzüm yığımı davam edir
Salyan, 18 sentyabr, Mahir Babayev, AZƏRTAC
Üzümçülük Salyanda əsas təsərrüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərirlər. Buna görə də rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1186,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 954 hektarı bar verəndir.
AZƏRTAC xəbər verir ki, üzüm plantasiyalarında məhsul yığımına xeyli vaxtdır başlanılıb. İndiyədək bağlardan 160 tondan çox üzüm yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 ton çoxdur. Fermerlər mövsümüm sonunadək daha 1400-1500 ton məhsul yığılacağına əmindirlər.
Ötən illə müqayisədə cari ildə bağlarda məhsul az olduğundan üzümün qiyməti də xeyli bahadır. Bağbanlar üzümün bir kiloqramını yerində 70-80 qəpiyə təklif edirlər. Ötən il isə bu rəqəm 30-40 qəpik arasında idi.