REGİONLAR
Salyanda və Biləsuvarda Uşaqların Beynəlxalq Müdafiəsi Günü böyük coşqu ilə qeyd olunub
Salyan, 2 iyun, Mahir Babayev, AZƏRTAC
Salyanda 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbir rayondakı Heydər Əliyev Mərkəzində məktəblilərin əl işlərindən ibarət sərginin nümayişi ilə başlanılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən rayon rəhbərləri, təhsil şöbəsinin işçiləri, uşaq təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri əvvəlcə Qulu Əsgərov adına rayon incəsənət məktəbinin müəllim və şagirdlərinin hazırladığı konsert proqramına baxıb, məktəbin xor kollektivinin ifasında Oqtay Rəcəbovun “Azərbaycan” mahnısını dinləyiblər. Sonra məktəblilər dünya və Azərbaycan klassik musiqisindən, bəstəkar mahnılarından ibarət musiqi nömrələrini ifa edib, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili operettasından səhnəciklər göstəriblər. İncəsənət məktəbinin xoreoqrafiya, xalq çalğı alətləri və xanəndəlik şöbələrinin şagirdləri də maraqlı ifaları ilə fərqləniblər.
Tədbirdə çıxış uşaqları əlamətdar gün münasibətilə təbrik edib, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixindən, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar.
Sonda ad günü 1 iyuna təsadüf olunan bir qrup məktəbliyə rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.
X X X
Biləsuvarda da Uşaqların Beynəlxalq Müdafiəsinə Gününə həsr olunan mərasim tədbir iştirakçılarına xoş əhval-ruhiyə bəxş edib. Rayondakı Heydər Əliyev Parkında, açıq səma altında keçirilən şənlikdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova balacaları təbrik edib, onlara firavan gələcək arzulayıb.
Sonra söz Biləsuvar uşaq incəsənət kollektivinə verilib. Uşaq xorunun çıxışı, balaca xanəndələrin məharəti, musiqi alətlərində solo ifalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.