REGİONLAR
Salyanda yeni yaradılan quşçuluq təsərrüfatında yumurta da istehsal olunacaq
Salyan, 20 fevral, Mahir Babayev, AZƏRTAC
Son illər bölgələrdə quşçuluq təsərrüfatları və damazlıq yumurta istehsalı intensiv şəkildə inkişaf etdirilir. Salyanda yeni yaradılan quşçuluq təsərrüfatı da iqtisadi baxımdan əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, Salyanın Dayıkənd kənd sakini Fərəc Əzizov özünə məxsus quşçuluq təsərrüfatını ötən ilin əvvəlində yaradıb. Fermer yerli yumurtalardan istifadə etməklə qısa müddətdə təsərrüfatda cücələrin sayını 30 minə çatdırıb. A.Əzizov quş əti istehsalı ilə yanaşı, damazlıq yumurta da istehsal etmək niyyətindədir. Artıq bunun üçün o, 2 hektara yaxın torpaq sahəsi də alıb.
İstehsalat sahəsinin iş icraçısı Kamal Rəhimovun sözlərinə görə, kredit götürdükdən sonra həmin ərazidə tikinti işlərinə başlanılacaq. İnşaat işləri başa çatdıqdan sonra təsərrüfatda quşun baş sayı 300 minə çatdırılacaq. Həmin quşlardan 100 mini damazlıq yumurta üçün saxlanılacaq. Təsərrüfat genişləndikcə burada quş əti ilə yanaşı, yumurta da istehsal olunacaq.