REGİONLAR
Salyanın Bəşirbəyli kəndinə təbii qaz verilib
Salyan, 10 oktyabr, Mahir Babayev, AZƏRTAC
Hazırda Salyanda bir şəhər və 39 kənd qazlaşdırılıb, 22 min 571 abonent “mavi yanacaq”dan istifadə edir. Daha 4 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində isə işlər aparılır.
AZƏRTAC xəbər verir ki, qazlaşdırılan sonuncu yaşayış məntəqələrindən biri də 1100 nəfərdən çox əhalinin yaşadığı Bəşirbəyli kəndidir.
233 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 310 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Evlərə 233 sayğac və bir o qədər də fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayonda reallaşdırılan infrastruktur layihələr barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov kənd və qəsəbələrin qazlaşdırılmasını bu layihələrin tərkib hissəsi olduğunu bildirib.
Mərasimdə çıxış edən kənd ağsaqqalları, ziyalılar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda rəmzi məşəl yandırılıb, evlərə “mavi yanacağ”ın verilməsinə baxış keçirilib.