REGİONLAR
Salyanın Bəydili kəndinə təbii qazın verilməsi bərpa olunub
Salyan, 28 iyul, Mahir Babayev, AZƏRTAC
Salyanın Qızılağac ərazi dairəsinə daxil olan Bəydili kəndinə 24 illik fasilədən sonra təbii qazın verilməsi bərpa olunub.
AZƏRTAC xəbər verir ki, rayonun 51 yaşayış kəndindən 28-i qazlaşdırılıb. Hazırda rayon əhalisinin 71 faizi təbii qazdan istifadə edir. 483 nəfər sakinin yaşadığı Bəydili yaşayış məntəqəsinə “mavi yanacağ”ın verilməsi üçün kənddə bir pilləli sistem əsasında ümumi uzunluğu 6 min 92 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 88 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
“Mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov və başqaları kənd sakinlərini təbrik edib, onlara xoş arzularını bildiriblər. Ölkədə sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən natiqlər kənd və qəsəbələrin qazlaşdırılmasını da bunun əyani nümunəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, hazırda rayonun 12 kəndində qazlaşdırma işləri uğurla davam etdirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinin əhalisi də təbii qazdan istifadə edəcək.
Mərasimdə çıxış edən ictimaiyyət nümayəndələri və kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda mərasim iştirakçıları evlərdə olub, “mavi yanacağ”ın verilməsinə baxış keçiriblər.