REGİONLAR
Salyanın Kürsəngi kənd tam orta məktəbinin binası əsaslı təmir olunur
Salyan, 30 yanvar, Mahir Babayev, AZƏRTAC
Salyanın Kürsəngi kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılır.
AZƏRTAC xəbər verir ki, 640 şagird yerlik məktəb binası 1981-ci ildə istifadəyə verilib. Ötən dövrdə məktəbdə təmir işləri aparılmadığından təhsil ocağı yararsız vəziyyətə düşüb. Bu da məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə təşkilinə ciddi çətinliklər yaradırdı.
Mövcud vəziyyəti aradan qaldırmaq üçün ötən ilin sonlarında məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Təmir zamanı binanın dam örtüyü, qapı və pəncərələri, su, elektrik xətti dəyişdiriləcək, sinif otaqları, fənn kabinetləri, kitabxana, laboratoriya, akt və idman zalları, digər yardımçı tikililər yenidən qurulacaq. Binada yeni istilik sistemi də quraşdırılacaq. Məktəb yeni avadanlıq, inventar və əyani vəsaitlərlə təchiz olunacaq.
Təhsil ocağının ərazisi abadlaşdırılacaq və yaşıllıqlar salınacaq. Həyətdə müxtəlif idman qurğuları quraşdırılacaq.
Təmirin yeni tədris ilinədək başa çatdırılması nəzərdə tutulub.