REGİONLAR
Salyanın Pambıqkənd kəndinə ilk dəfə təbii qaz verilib
Salyan, 11 oktyabr, Mahir Babayev, AZƏRTAC
Salyanın qəsəbə və kəndlərinin qazla təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla icra olunur.
AZƏRTAC xəbər verir ki, rayonun qazla təmin olunmuş kəndlərinin sırasına 1300 nəfər əhalinin yaşadığı Pambıqkənd kəndi də əlavə edilib. 238 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 min 441 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Evlərə 238 sayğac və bir o qədər də fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov sakinləri təbrik edib, rayonda reallaşdırılan sosial layihələr barədə məlumat verib. Bildirilib ki, cari ilin əvvəlindən bəri rayonunun altı kəndinə “mavı yanacaq” verilib. Hazırda iki yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Yaxın günlərdə bu yaşayış məntəqələri də təbii qazla təmin olunacaq.
Açılış mərasimində çıxış edən kənd sakinləri onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda rəmzi məşəl yandırılıb, evlərə “mavi yanacağ”ın verilməsinə baxış keçirilib.