REGİONLAR
Salyanın Şəkərli kəndində tibb məntəqəsi istifadəyə verilib
Salyan, 16 iyun, Mahir Babayev, AZƏRTAC
Dünya Bankının maliyyə dəstəyi ilə Salyanın Şəkərli kəndində yeni tibb məntəqəsi tikilərək istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində rayon rəhbərliyi, Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Hossan Naqvi, ictimaiyyət nümayəndələri, kənd sakinləri və tibb işçiləri iştirak ediblər.
Kənd sakinlərini, səhiyyə işçilərini təbrik edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla davam edən sosial-iqtisadi inkişaf strategiyasından danışıb, görülən işləri yüksək dəyərləndirib.
Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Hossan Naqvi ölkədə yaradılan münbit şəraitin nəticəsi olaraq, bir sıra bölgələrdə müxtəlif layihələrin gerçəkləşdirildiyini qeyd edərək, bu kimi işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonra yeni istifadəyə verilən tibb məntəqəsinə baxış keçirilib, yaradılan şəraitlə tanışlıq olub.
Qeyd edək ki, müasir zəruri avadanlıqlarla təchiz edilən tibb məntəqəsi 6 nəfərlik heyətlə Şəkərli kəndinin 2655 nəfərlik əhalisinə xidmət göstərəcək. Həkim məntəqəsi peyvənd, manipulyasiya, həkim və tibb bacısı otaqlarından ibarətdir.