REGİONLAR
Salyanın balıqçılıq təsərrüfatlarında balıq ovuna başlanılıb
Salyan, 2 oktyabr (AZƏRTAC). Respublikanın ən iri balıqçılıq rayonlarından biri olan Salyanda balıq ovuna başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu mövsümdə balıqçıların zəhməti hədər getməyib. Mart ayında suya buraxılan 100 qramlıq körpə balıqlar normal böyüyüb. Artıq nohurlarda yetişdirilən balıqların 50 tondan çoxu istehlakçılara satılıb.
Balıqçı Fərəc Babayev bildirib ki, bu mövsümdə demək olar bütün təsərrüfatlarda vəziyyət ürəkaçandır. Hər hektar nohura buraxılan 1500 ədəd körpə balığın diri çəkisi 1,2 kiloqramdır. Bu nəticəni almaq üçün balıqçılar 6 ay zəhmət çəkiblər. Nohur balıqları arpa və buğda ilə yemlənir. Balığın taxılla yemlənməsi isə onun tez böyüməsinə səbəb olur.
Hazırda Salyanda 100-ə yaxın iri balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatlarda ildə 500 tondan çox balıq məhsulu istehsal olunur.