REGİONLAR
Salyanın ümumtəhsil məktəblərində 67 məktəbəhazırlıq qrupu yaradılıb
Salyan, 25 noyabr, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin məktəbəhazırlıq qrupları ilə bağlı müvafiq əmrinə əsasən, Salyanın 43 ümumtəhsil məktəbində 67 məktəbəhazırlıq qrupu yaradılıb.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktəbəhazırlıq qruplarına sənədlərin qəbulu avqustun 15-dən sentyabrın sonunadək aparılıb. Qruplarda məşğələləri aparmaq üçün təcrübəli ibtidai sinif müəllimləri müəyyənləşdirilib və onlar sentyabr ayında təlim kurslarına cəlb olunublar. Təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları tərəfindən aparılıb. Oktyabr ayından fəaliyyətə başlayan məktəbəhazırlıq qruplarından ikisində tədris rus dilindədir.
Məktəbəhazırlıq qruplarının yaradılması həm uşaqları hər hansı hazırlıq məşğələlərinə aparmaqdan azad edir, həm də onların məktəbə adaptasiyasını asanlaşdırır.
Qeyd edək ki, ümumilikdə, rayonda 1435 azyaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub. Bu da Salyanda gələn dərs ilində birinci sinfə gedəcək uşaqların 55 faizini təşkil edir.