REGİONLAR
Salyanlı fermer təsərrüfatında Almaniyadan gətirilən cins düyələr bəsləyir
Salyan, 16 fevral, Mahir Babayev, AZƏRTAC
Salyanda heyvanların cins tərkibini yaxşılaşdırmaq, ət və süd məhsulları istehsalını yüksəltmək üçün lazımi tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, Salyanın Dayıkənd kəndində yaşayan Əziz Əzizov ötən il fərdi təsərrüfatında heyvandarlıq ferması yaradıb, xaricdən ətlik və südlük istiqamətində cins düyələr alıb. Bu günlərdə isə sahibkar Almaniyadan daha 30 baş iribuynuzlu cins heyvan gətirib. Həm çəki, həm də südlük baxımından yerli inəklərdən fərqlənən cins heyvanlar şəraitə uyğunlaşdırılıb. Fermada heyvanlara baytar həkimlər tərəfindən daim nəzarət olunur. Təsərrüfatda bəslənən 100 baş heyvanın 30-u ətlik, 70-i isə südlük istiqamətlidir.
Təsərrüfat sahibi bildirib ki, fermada heyvanların sayını artırmaq üçün yaxın vaxtlarda daha iki tövlə də tikəcək. O, bu tövlələrdə saxlanılmaq üçün xaricdən 100 baş cins düyə almaq fikrindədir.