REGİONLAR
Salyanlı şagirdləri Quba, Qusar və Xaçmaz rayonlarında maraqlı ekskursiya gözləyir
Salyan, 16 mart, Mahir Babayev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti maarifləndirici tur-aksiyanın Salyan rayonundan olan iştirakçıları martın 16-da Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayonun rəhbər işçilərinin, müəllimlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərdəki Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib.
Tur-aksiya iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Qrup rəhbəri, rayon icra hakimiyyətinin işçisi Aqşin Babayev bildirib ki, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları - Salyan rayon ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri Quba şəhərinə yollanırlar. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar.
Mərasim başa çatdıqdan sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla yola çıxıblar.