DÜNYA
Şalyapinin sağlığında çəkilən sonuncu portreti Kislovodskda ilk dəfə sərgilənib
Bakı, 19 avqust, AZƏRTAC
Fyodor Şalyapinin sağlığında rəssam Vasili Şuxayev tərəfindən 1934-cü ildə Fransada çəkilən sonuncu portreti Kislovodskda ilk dəfə sərgilənib.
AZƏRTAC TASS agentliyinə istinadən bildirir ki, bu portret “Şalyapinin bağı” ədəbi-musiqi muzeyində Sankt-Peterburq Dövlət Teatr və Musiqi İncəsənəti Muzeyinin kolleksiyasından sərgilənən baş eksponatdır. “Rəsm Sankt-Peterburq muzeyini ilk dəfədir tərk edir. Bu əsər Fyodor İvanoviçin mühacirətdə çəkilən son rəsmləri arasında ən yaxşılarından biridir”, - deyə muzeyin baş elmi işçisi Yelena Fedosova bildirib.
Portreti çəkərkən Şuxayev nadir kompozisiya üsulu sayılan – “baş iri planda” üsulundan istifadə edib. Bu da rəssama diqqəti müğənninin sifətində cəmləşdirməyə və onun daxili dünyasını tamaşaçıya çatdırmağa imkan verir.
Sərgidə, həmçinin müğənninin bədii əsərləri – dostluq şarjları təqdim olunur. Sərgi oktyabrın ortalarınadək davam edəcək.
Şalyapin Kislovodskda 5 dəfə olub. 1899-cu ildəki qastrolda o, dünyanın nəhəng operalarını – Darqomıjskinin “Su pərisi”, Qlinkanın “İvan Susanin”, Musorqskinin “Boris Qodunov”, Leonkovellonun “Payatsı”nı sənətsevərlərə təqdim edib. Biletlər qısa vaxt ərzində satılırdı, hətta bir neçə konsert həddindən artıq olan tələbatı ödəyə bilmirdi. Məhz buna görə müğənni 1917-ci ildə səfərlərinin birində tacir Uşakovun bağında balkondan məşhur çıxışını yerinə yetirib.