REGİONLAR


Şamaxı - Tolerantlığın və multikultural ənənələrin qorunduğu tarixi məkan

A+ A

Şamaxı, 12 noyabr, AZƏRTAC 

Şamaxıda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil və mədəniyyət işçiləri, ziyalılar, dini icma sədrləri, din xadimləri, Şamaxıda yaşayan müxtəlif xalqların nümayəndələri və gənclər iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə multikulturalizm və tolerantlıq mühitinin qorunmasının dövlət siyasətinin başlıca istiqamətlərindən olduğunu söyləyib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti sayəsində bu gün ölkəmizdə tolerantlıq və multikulturalizm insanların həyat tərzinə çevrilib. Azərbaycanda bütün xalqlar və milli azlıqlar dilindən və dini mənsubiyyətindən asılı olmayaraq, azad və müstəqil yaşayırlar. Azərbaycanda tolerantlığın və multikulturalizmin inkişafı üçün hər cür şərait yaradılıb.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev multikulturalizmin Azərbaycanda həyat tərzi və dövlət siyasəti olduğunu vurğulayıb. Bildirib ki, hər il Azərbaycanda müxtəlif ölkə və mədəniyyət təmsilçilərinin diskussiya platformasına çevrilən Beynəlxalq Humanitar Forum keçirilir. Bu isə alimlərin, siyasətçilərin və vətəndaş cəmiyyəti nümayəndələrinin dialoquna, onların elmi araşdırmalar və fikir mübadiləsi aparmasına imkan yaradır.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Mariya Kojevnikova, rayon təhsil şöbəsinin metodisti Babalar Ağayev çıxış edərək Azərbaycanda müxtəlif xalqların və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu bildiriblər.

Çıxışlarda Azərbaycanın hər yerində olduğu kimi, Şamaxıda da multikultural ənənələrin tarixən qorunduğu, burada yaşayan bütün xalqlara daim hörmət göstərildiyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.