CƏMİYYƏT
Şamaxı rayonunun Sağıyan kəndində partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Şamaxı rayonunun Sağıyan kəndində torpaq sahəsində bir partlamamış hərbi sursat - 100 millimetrlik top mərmisi (PS-34) aşkarlayıblar. Həmin sursat daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib. Ümumilikdə iki min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1–dən 16-dək agentlik tərəfindən Füzuli və Şamaxı rayonları, Lənkəran və Gəncə şəhərində bir otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib. Baxış zamanı 1196 partlamamış hərbi sursat, 10 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Yoxlanılan ərazi 4 min 950 kvadratmetr təşkil edib.