REGİONLAR


Şamaxı və İsmayıllıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Şamaxı, 1 iyun, AZƏRTAC

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şamaxı rayonunun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, iyunun 1-də Vergilər Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə nazirliyin rayonda yerləşən Tədris Mərkəzində "Vergilər uşaqların gözü ilə" adlı ənənəvi rəsm və inşa yazı müsabiqəsi təşkil olunub.

Tədbiri vergilər nazirinin müşaviri - vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov açaraq müsabiqənin əhəmiyyətindən danışıb, gənc nəslə vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması sahəsində nazirliyin vergi ödəyicilərinə xidmət strukturları tərəfindən görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, müsabiqəyə təqdim olunan rəsmlərdə əks etdirilən vergilərlə bağlı süjetlər gənc nəsildə vergi biliklərinin formalaşmasına xidmət edir.

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin ifasında təqdim edilən xalq mahnıları, milli rəqslər iştirakçılarda xoş ovqat yaradıb.

Sonda rəsm və inşa üzrə müsabiqənin qalibləri elan edilib, onlara diplom və hədiyyələr təqdim olunub.

Tədbir uşaqlar üçün təşkil olunan bayram süfrəsi ilə davam etdirilib.

X X X

İsmayıllıdakı Heydər Əliyev parkında rayon icra hakimiyyətinin təşkilatçılığı, təhsil şöbəsinin, gənclər və idman idarəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin iştirakı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, 11 uşaq bağçasının pedaqoji kollektivinin və körpələrin, 1, 3, 5 saylı şəhər, İvanovka kənd tam orta məktəblərinin şagirdlərinin qatıldıqları şənlik uşaq incəsənət məktəbi musiqiçilərinin şən mahnıları ilə başlayıb.

Şənlikdə gənclər və idman idarəsi uşaqlar arasında “Şən startlar” əyləncəli idman oyunu üzrə yarış və uşaq yaradıcılıq mərkəzi ilə birgə rəsm müsabiqəsi keçirib. Hər bir yarış və müsabiqə iştirakçısı həvəsləndirici diplom və hədiyyələrlə mükafatlandırılıb.

Rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova uşaqları təbrik edərək, onların əqli, fiziki, intellektual hazırlığı, bir vətəndaş kimi formalaşmaları, biliklərə dərindən yiyələnmələri, sağlamlığının təmin edilməsi üçün ölkəmizdə, o cümlədən rayonda görülən işlər barədə ətraflı danışıb.

Tədbir çay süfrəsi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.