CƏMİYYƏT
Şamaxı və Qobustanda dindarlarla görüş
Bakı, 10 mart, AZƏRTAC
Martın 9-da Qobustan rayonundakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşəbbüsü, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar, dini icma sədrləri, imam və axundlar iştirak ediblər.
DQİDK-dən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov tədbirdə çıxış edərək rayondakı dini durum haqqında ətraflı məlumat verib, bu cür görüşlərin əhəmiyyətindən bəhs edib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Şirvan bölgəsinin yetişdirdiyi görkəmli elm xadimləri, ədib və mütəfəkkirlər, xüsusilə din xadimləri barəsində danışaraq, gənclərimizin bu istiqamətdə tərbiyəsindən söhbət açıb. S.Salahlı çıxışında dini radikalizm və onun fəsadları, həmçinin radikalizmlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin tənzimlənməsi barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə, həmçinin QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, rayon Təhsil Şöbəsinin məsul əməkdaşı Ənvər Qayıbov, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, Hilmilli kənd Molokan ruhani-xristian dini icmasının sədri Yekaterina Tsapleva çıxış ediblər.
X X X
Martın 9-da Şamaxı rayonunun Adnalı kənd məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlının, Şamaxı Rayon İcra Hakimiyyəti nümayəndələrinin, dindarların və rayon hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə dövlət-din münasibətləri, radikalizm və onunla mübarizədə dindarların vəzifələri barədə çıxışlar olub.