REGİONLAR
Şamaxıda “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib
Şamaxı, 29 iyul, AZƏRTAC
Şamaxıda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlər çərçivəsində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşkilatçılığı ilə Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun orta ümumtəhsil, orta ixtisas və ali məktəblərinin pedaqoji kollektivləri, şagird və tələbələr iştirak ediblər.
Tədbiri açan rayon icra hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Qasım Qasımov yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişafı, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Sonra narkomaniyanın fəsadları ilə bağlı qısametrajlı “Mayak” filmi nümayiş olunub.
Elmi-praktik konfransda Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev çıxış edərək, narkomaniyaya qarşı mübarizənin önəmindən bəhs edib. V.Quliyev yaş sərhədi tanımayan narkomaniyanın yayılmasının genefond üçün təhlükəli olduğunu vurğulayıb. O, bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin narkomaniya ilə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu bildirib.
Sonra digər çıxışlar olub. Çıxışlarda bu sahədə görülən işlərdən danışılıb, rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, narkomaniya ilə mübarizə həm də hər bir vətəndaşın mənəvi borcudur. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.