REGİONLAR
Şamaxıda “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda konfrans keçirilib
Şamaxı, 9 dekabr, AZƏRTAC
Şamaxıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndərin anım günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının, təhsil, mədəniyyət işçilərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin qatıldığı konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid foto və sənədlərlə tanışlıq olub.
Rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova konfransı açaraq, ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafında tarixi xidmətlərindən danışıb. Dahi rəhbərin zəngin dövlət idarəçilik təcrübəsindən söz açan natiq bu təcrübənin dərindən öyrənilməsinin zəruriliyini qeyd edib, Ümummilli Liderin işləyib hazırladığı inkişaf konsepsiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxış edərək müstəqil Azərbaycanın keçdiyi çətin və şərəfli yoldan bəhs edib. Vurğulanıb ki, Ulu Öndərin zəngin dövlətçilik irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər üçün örnəkdir. Diqqətə çatdırılıb ki, uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınan Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının böyük rolu olub.
Tədbirdə rayon polis şöbəsinin rəisi Şahin Mirzəyev, təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, Ağsaqqallar Şurasının sədi Mayıl Alıcanov, gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov və başqaları çıxış edərək vurğulayıblar ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimində güclü dövlət anlayışı və bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapıb. Qeyd olunub ki, Ulu Öndər nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirib, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimi - Azərbaycançılıq ideologiyasını yaradıb.