CƏMİYYƏT
Şamaxıda Uşaqların IV Ümumrespublika Forumunun iştirakçıları üçün yay məktəbi təşkil edilib VİDEO
Bakı, 27 iyul, Xanım Nağıyeva, AZƏRTAC
Uşaqların IV Ümumrespublika Forumunda iştirak edəcək uşaqlar üçün yay məktəbi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin UNICEF ilə birgə Şamaxı rayonunda təşkil etdiyi yay məktəbində Azərbaycanın müxtəlif bölgələrindən uşaqlar iştirak edir.
Yay məktəbinin iştirakçılarına uşaq hüquqları, internet təhlükəsizliyi, onların şəxsiyyət kimi yetişməsində ailə və cəmiyyətin rolu, asudə vaxtın səmərəli təşkili, ətraf mühitin qorunması və sağlam həyat tərzi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması mövzularında təlimlər keçirilir. Komitənin əməkdaşları tərəfindən uşaqlarla aktiv müzakirələr aparılır.
Yay məktəbi çərçivəsində iştirakçıların Şamaxının Məlhəm kəndində yaşayan uşaqlarla görüşü təşkil edilib. Məlhəmli uşaqlar asudə vaxtlarını necə keçirmələri barədə məlumat verib, yay məktəbinin iştirakçıları ilə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Uşaqların IV Ümumrespublika Forumunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF-in birgə təşkilatçılığı ilə 2017-ci ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub. Bununla bağlı 2017-ci ilin mart-aprel aylarında regional görüşlər keçirilib və uşaq hüquqları sahəsində bilikləri olan, mövzu üzrə sərbəst surətdə fikirlərini ifadə edən uşaqların seçimi aparılıb. Yay məktəbi iyulun 28-dək davam edəcək.