CƏMİYYƏT


Şamaxıda baş verən yanğın 2 hektar meşə fondu ərazisini əhatə edib

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 18-də saat 14:00 radələrində Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus torpaq sahəsində baş vermiş yanğın havanın küləkli olmasından geniş ərazini əhatə edərək Şamaxı meşəbəyliyinin 7 saylı dolayına keçib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in müvafiq qurumları fövqəladə iş rejiminə keçib. ETSN-in Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək hadisə yerinə aparılıb. Həmçinin Nazirliyin 50 nəfərlik heyəti dünəndən hadisə yerinə yola düşüb.

Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilib. Nazirliyin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin əməkdaşlarının və meşə işçilərinin fədakarlığı, şücaəti və ciddi səyləri nəticəsində çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saatlarında lokallaşdırılıb. Avqustun 19-da səhər saat 10 radələrində isə tam söndürülüb.

Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus ərazidə baş verən yanğın ümumilikdə 35 hektar sahəni əhatə edib və bundan yalnız 2 hektara yaxın ərazi meşə fondu torpaqlarına aiddir. Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın nəticəsində quru ot və kol örtüyü yanıb, ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.