REGİONLAR
Şamaxıda inklüziv turizm və əlillərin reabilitasiyası ilə bağlı ilk təlim keçirilib
Şamaxı, 26 avqust, AZƏRTAC
“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində Şamaxıda ilk maarifləndirici təlim keçirib.
AZƏRTAC “MİRAS” İctimai Birliyinə istinadən xəbər verir ki, təlimlər Azərbaycanda yeni sahə olan inklüziv turizm haqqında məlumatlığı artırmaq məqsədi ilə təşkil olunub. Belə ki, ötən ay Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 100-ə qədər obyektdə araşdırmalar aparılıb və 135 nəfər arasında sorğu keçirilib. Nəticədə bu sahədə ciddi maarifləndirməyə ehtiyac olduğu üzə çıxıb. Buna görə də Şamaxı, habelə İsmayıllı və Ağsuda inkluziv turizmin perspektivlərinə dair təlim və seminarların keçirilməsi qərarlaşdırılıb.
Şamaxı rayon təhsil şöbəsinin akt zalında keçirilən ilk təlimdə ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, ayrı-ayrı müəssisələrdən olan peşə sahibləri iştirak ediblər. Təlimi layihənin rəhbəri, “MİRAS” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, eləcə də layihənin ekspertləri memarlıq üzrə fəlsəfə doktoru Ağasəlim Əzizov və Elmira Abasova keçiblər. F.Xəlilli layihə haqqında ətraflı məlumat verərək Şamaxı şəhəri üzrə aparılan sorğunun nəticələrini iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, 21 qadın, 39 kişi olmaqla 60 nəfər Şamaxı sakini arasında keçirilən sorğu mədəni irs abidələrinin inklüziv turizm üçün kifayət qədər yararlı olmadığını göstərib. Təlimçi mövcud problemlərin aradan qaldırılması yollarından da danışıb.
Memar Ağasəlim Əzizov Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi üçün hazırladığı inklüziv turlara hesablanan layihəsi haqqında məlumat verib. Azərbaycanda arxeoloji abidələrin ilk dəfə hamıya, o cümlədən əlillərə və yaşlılara əlçatan olacağından bəhs edib.
Elmira Abasova cəmiyyət və onun həssas təbəqəsi olan əlillərin psixoloji durumu və ekoloji mədəniyyətin formalaşması haqqında danışıb.
Rayon ictimaiyyəti adından çıxış edən mədəniyyət və turizm şöbəsinin əməkdaşı Rəfael Tağızadə təlimin maarifləndirici xarakter daşıması, eləcə də problemlərin həlli yollarını göstərməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Mədəni irs abidələrinin bərpa və konservasiyası zamanı əlil və yaşlıların turlara qoşulmasına şərait yaratmaq üçün tədbirlər görüləcəyini qeyd edib.
Sonda Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna kitablar hədiyyə olunub.
Tədbir çərçivəsində Şamaxı Psixonevroloji Dispanserdə müalicə olunanlar üçün “MİRAS” folklor qrupu tərəfindən konsert verilib.