REGİONLAR
Şamaxıda növbəti qanvermə aksiyası
Şamaxı, 30 sentyabr (AZƏRTAC). Şamaxı Rayon Mərkəzi Xəstəxanasında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün növbəti qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları ayrı-ayrı yaş qruplarından olan könüllülərdən qan götürüblər.
Aksiyada rayon ictimaiyyətinin nümayəndələri, idarə və təşkilatların kollektivləri, təhsil müəssisələrinin işçiləri, YAP Şamaxı rayon təşkilatının üzvləri və səhiyyə işçiləri yüksək fəallıq nümayiş etdiriblər.
Qan vermək üçün 500 nəfərdən çox rayon sakini müraciət edib. Onların 150 nəfərindən qan götürülüb.
Aksiya iştirakçıları xeyriyyə tədbirinin təşkilini təqdirəlayiq hesab edərək xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadığını vurğulayıblar.