REGİONLAR
Şamaxıda üzüm plantasiyalarının sahəsi 1632 hektara çatdırılıb
Şamaxı, 13 oktyabr, AZƏRTAC
Şamaxıda cari ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Məruzə və çıxışlarda hesabat dövründə rayonda bir sıra uğurlu nəticələr qazanıldığı bildirilib. Kənd təsərrüfatının rayon iqtisadiyyatında aparıcı sahə olduğu vurğulanaraq diqqətə çatdırılıb ki, cari mövsümdə Şamaxıda mühüm strateji məhsul olan taxıl istehsalı diqqət mərkəzində saxlanılıb, zəmilərdən 38095,9 ton məhsul götürülüb.
Vaxtilə Şamaxının respublikamızın ən böyük üzümçülük bölgələrindən birinə çevrildiyi və hazırda bu sahənin inkişafı istiqamətində ciddi işlərin getdiyi bildirilib. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahədə xüsusi əhəmiyyət daşıyır. Artıq rayonda plantasiyaların sahəsi 1632 hektara çatıb. Təkcə Meysəri kəndinin ərazisində hesabat dövründə 51 hektarda üzüm bağı, habelə 20 hektarda meyvə bağı salınıb.
Doqquz ayda heyvandarlıq məhsulları istehsalı da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb, arı ailələrinin sayı 6866-ya çatıb.
Rayonda tikinti-quruculuq işləri sahəsində də bir sıra layihələr həyata keçirilib. Mədrəsə qəsəbəsində 380, Şərədil kəndində 80 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilib, Pirsaat çayının üzərində körpü tikilib. Hazırda Pirqulu-Dəmirçi, habelə 55 kilometrlik Şamaxı-Göylər-Padarçöl yolunda, Dəmirçidən İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gedən 22 kilometrlik yolda tikinti işləri davam etdirilir. Rayonda şəhid ailələri və əlillər üçün nəzərdə tutulan 36 mənzilli yaşayış binası, 100 yerlik uşaq bağçası-körpələr evi inşa olunur.
Doqquz ayda Şamaxıya 94700 nəfər turist gəlib ki, bu da ötən illə müqayisədə xeyli çoxdur. Rayonda 3 beşulduzlu otel, 22 turist istirahət mərkəzi var və hazırda Pirqulu zonasında yeni turizm obyekti inşa edilir.
Müşavirədə təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər, əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı, bu sahələrdə görüləcək işlər barəsində də ətraflı danışılıb.