REGİONLAR
Şamaxıda üzüm yığımına başlanılıb
Şamaxı, 14 avqust, AZƏRTAC
Şamaxı rayonunda üzüm yığımına başlanılıb.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, üzüm yığımı hazırda Mədrəsə, Şəhriyar qəsəbə, Çarhan, Məlikçobanlı və bir sıra digər ərazi dairələrində aparılır. Bu ərazilərdə ilkin olaraq daha tez yetişən süfrə sortları, o cümlədən ağ və qara kişmişi, kardinal, prima, batır və sair sortlar yığılır.
Qeyd edək ki, hazırda Şamaxıda 1641 hektar üzüm bağı var və plantasiyaların 1480 hektarı məhsuldardır. Cari mövsümdə bağlarda bol məhsul yetişdirilib. Xüsusilə “Mədrəsəaqro”, “Az-Qranata” MMC-lərə, sahibkarlar Qasım Eyyubova, Nurəddin Rzayevə, Qurbanəli Babasova məxsus plantasiyalarda hər hektardan orta hesabla azı 90-100 sentnerdən çox üzüm gözlənilir.
Ümumiyyətlə, mütəxəssislər cari ildə Şamaxıda 13-14 min tondan çox üzüm istehsal ediləcəyi qənaətindədirlər.