REGİONLAR


Şamaxıda üzümçülük yeni inkişaf dövrünü yaşayır

Şamaxı, 20 aprel, AZƏRTAC

Şamaxıda keçirilən hesabat yığıncağında 2017-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin hesabat məruzəsində, eləcə də müzakirələrdə cari ilin ilk üç ayında qarşıya qoyulan vəzifələrin uğurla icra olunduğu bildirilib. Bu müddətdə 94 milyon manat dəyərində ümumi məhsul istehsal edilib, 1831 yeni daimi iş yeri açılıb.

Qeyd olunub ki, kənd təsərrüfatı rayon iqtisadiyyatının aparıcı sahəsidir. Üç ayda bu sahədə 8,6 milyon manatlıq məhsul istehsal edilib. Bu il 22 min 112 hektar sahədə əkin aparılıb ki, bunun da 14 min 114 hektarı strateji məhsul olan dənlilərin payına düşür.

Vaxtilə Azərbaycanın ən böyük üzümçülük rayonlarından olan Şamaxıda hazırda bu sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olub. Hazırda rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Plantasiyaların sahəsi 1640 hektara çatdırılıb. Meysəri kəndi ərazisində 96 hektarda yeni üzüm bağı salınır.

Rayonda mal-qaranın, davarların, quşların baş sayının, habelə bütün göstəricilər üzrə heyvandarlıq məhsulları istehsalının ötən ilin birinci rübü ilə müqayisədə artdığı diqqətə çatdırıb.

Cari ilin birinci rübdə tikinti-quruculuq, abadlıq sahələrində xeyli işlərin görüldüyü bildirilib. Vurğulanıb ki, tarixi şəhər olan Şamaxının mərkəzindəki 20 Yanvar parkında yenidənqurma və əsaslı təmir işləri davam etdirilir, 120 yerlik 5 saylı uşaq bağçası-körpələr evinin, şəhid ailələri və əlillər üçün 36 mənzilli yaşayış binasının inşası aparılır. Habelə, 4 ədəd çoxmənzilli yaşayış binasının təmiri başa çatdırılıb.

Şamaxı rayonunun istər tarixi, maddi-mədəniyyət abidələri, istərsə də flora və faunası baxımından turistlər üçün olduqca maraqlı bir bölgədir. Məhz buna görədir ki, təkcə bu ilin birinci rübündə bölgəyə 12 min 270 nəfər turist gəlib. Şamaxını turistlər üçün daha maraqlı bölgəyə çevirmək üçün hazırda Pirqulu zonasında müasir standartlara cavab verən yeni turizm obyektləri tikilir. Pirquludan Dəmirçi kəndinə gedən avtomobil yolu təmir olunur. Dəmirçidən İsmayıllının Lahıc qəsəbəsinə 22 kilometrlik avtomobil yolu çəkilir.

Məruzə və çıxışlarda təhsil, səhiyyə və mədəniyyət sahələrində, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatında, su təchizatında görülən işlər barədə də ətraflı danışılıb, qarşıda duran konkret vəzifələr müzakirə edilib.

Hesabat yığıncağında vurğulanıb ki, şamaxılılar Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin aprelin 10-da keçirilən iclasında qarşıya qoyduğu konkret vəzifələrin və tapşırıqların uğurla yerinə yetirilməsində əllərindən gələni əsirgəməyəcək, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.