REGİONLAR
Şamaxıda yarım ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Şamaxı, 20 iyul, AZƏRTAC
Şamaxıda 2016-cı ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iyulun 10-da keçirilən 2016-cı ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclası ilə bağlı ətraflı danışıb.
İstər məruzədə, istərsə də müzakirələrdə 2016-cı ilin birinci yarısında rayonda sosial-iqtisadi sahələrdə uğurlu nəticələr qazanıldığı bildirilib. Vurğulanıb ki, yarım ildə 58,5 milyon manat dəyərində ümumi məhsul buraxılışı olub. Rayon iqtisadiyyatında əsas yer tutan kənd təsərrüfatında bu müddətdə 22,6 milyon manatlıq məhsul istehsal edilib. Taxılçılıq, heyvandarlıq sahələrində nəticələr diqqətəlayiqdir.
Məruzə və çıxışlarda əhalinin elektrik enerjisi, təbii qazla təminatının daha da yaxşılaşdırılması, səhiyyə, təhsil, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yol təsərrüfatlında aparılan təmir-tikinti işləri barədə geniş məlumat verilib, habelə qarşıda duran vəzifələrdən danışılıb.
Yığıncaqda əminliklə vurğulanıb ki, şamaxılılar rayonda iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən taxılçılığın, üzümçülüyün, meyvəçiliyin sürətli inkişafı ilə əlaqədar qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəklər.