REGİONLAR
Şamaxının Quşçu kəndində yeni artezian quyusu qazılıb
Şamaxı, 31 iyul, AZƏRTAC
Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Şamaxı rayonunun Quşçu kəndində “Quşçu kəndinin su təchizatı sisteminin tikintisi” layihəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, iyulun 31-də təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev son illər rayonda həyata keçirilən sosial layihələrdən danışıb. Bildirib ki, bu il su çətinliyi olan Çarhan, Göylər kəndində də artezian quyularının istifadəyə verilməsi nəzərdə tutulub.
Milli Məclisin deputatı Elxan Süleymanov çıxışında Yaponiya hökumətinin bölgələrdə, o cümlədən Şamaxıda həyata keçirdiyi qrant layihələrindən danışıb.
Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori çıxış edərək, respublikamızın bir sıra ərazilərində içməli su resurslarının az olduğunu söyləyib, bölgələrdə bu istiqamətdə layihələrə diqqətlə yanaşdıqlarını bildirib. Vurğulayıb ki, Şamaxıda su təchizatı ilə bağlı 2009-cu ildə Məlikçobanlı kəndində də layihə həyata keçirilib. Ümumiyyətlə, məktəb tikintisi və təmiri ilə birlikdə rayonda 4 layihə reallaşıb.
Qeyd olunub ki, “Quşçu kəndinin su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsi Yaponiyanın Azərbaycandakı səfirliyi ilə “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi” Qeyri-Hökumət Təşkilatı arasında imzalanıb. Layihə çərçivəsində 150 metr dərinlikdə artezian quyusu qazılmaqla, 1,8 kilometr su borusu, 2 su çəni və 3 su bulağından ibarət yeni su təchizatı sistemi tikilib ki, bu da yerli sakinlərin su ehtiyacının ödənilməsinə imkan yaradıb. Bu layihədən 2200 nəfər sakinin faydalanacağı gözlənilir. Layihənin ümumi məbləği 82 min 930 ABŞ dolları təşkil edir.