REGİONLAR


Şamaxının Tarix-Diyarşünaslıq Muzeyinə gələn turistlərin sayı artır VİDEO

Şamaxı, 18 iyul, AZƏRTAC

Zəngin, həm də keşməkəşli tarixi olan Şamaxı Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Burada qədim dövrlərdə mövcud olan Şirvanşahlar və Səfəvilər dövləti, Şirvan xanlığı, eləcə də sonrakı dövrlərə aid məlumatlar bu gün nəinki yerli, həm də xarici turistlər üçün də maraqlıdır. Təsadüfi deyil ki, turistlərin mütləq əksəriyyəti hələ II əsrdə yaşayan coğrafiyaşünas Klavdi Ptolomeyin adını çəkdiyi Şamaxı ilə tanışlığa Seyid Əzim Şirvani adına Tarix-Diyarşünaslıq Muzeyindən başlayır.

1945-ci ildə ölkəşünaslıq muzeyi adı ilə təşkil olunan, 8 bölmədən ibarət bu məkan ən zəngin muzeylərimizdəndir. Bakıdan Şamaxı şəhərinə giriş yolunun kənarında yerləşən muzey 2009-cu ildə müasir standartlar səviyyəsində əsaslı təmir olunaraq, dünya muzey standartları əsasında tarixi ardıcıllıqla yenidən qurulub. Həmin ilin noyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Muzeydə Şirvan tarixindən bəhs edən film turistlər tərəfindən maraqla qarşılanır. “Diyarşünaslıq zalı”ndan “Tarix zalı”na keçid hissədə filmin nümayişi üçün kinozal qurulub. Turistlər “Tarix zalı”na bu filmi izlədikdən sonra daxil olurlar. Şamaxılı muğam ustası Alim Qasımovun ifasında səsləndirilən “Şirvan şikəstəsi” ilə başlanan filmdə Şirvanın tarixi haqqında ümumi məlumat verilir.

Əlbəttə, Azərbaycanda turizmin inkişafı üçün həyata keçirilən tədbirlər, görülən işlər bu sahədə böyük potensialı olan Şamaxıya, o cümlədən Tarix-Diyarşünaslıq Muzeyinə gələnlərin sayının getdikcə artmasına səbəb olur. Belə ki, 2015-ci ildə muzeyə 4700 turist gəlmişdisə, 2016-cı ildə onların sayı 5810 nəfərə çatıb. Bu ilin 6 ayında isə muzeyə 3255 turist gəlib ki, onlardan 228 nəfəri xarici ölkələrdəndir. Bu göstərici də ötən yarım ildəkindən çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.