İQTİSADİYYAT
“Şamaxinka”da “tıxac”ın aradan qaldırılması üçün nəqliyyat vasitələrinin hərəkətində dəyişikliklər edilib VİDEO
Bakı, 7 fevral, AZƏRTAC
Bakı şəhərində avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədilə “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib, yolun genişləndirilməsi işləri aparılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xüsusən günün pik saatlarında sözügedən əraziyə avtonəqliyyat vasitələrinin həm “Bakı Dairəvi-1” avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi “tıxac”a, hərəkətin iflic olmasına səbəb olur.
Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf “Bakı Dairəvi-1” avtomobil yolundan gələn avtomobillər üçün ayrılıb. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülüb.
Maneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzülüb. Bununla da dairəvi yoldan gələn avtonəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geri dönmə hissədən istifadə edərək geriyə hərəkət edə bilirlər. Təbii ki, düzünə, “20 Yanvar” dairəsinə doğru da maneəsiz şəkildə hərəkət təmin olunub. Nəticədə Sumqayıt şəhəri istiqamətindən gələn avtonəqliyyat vasitələri ilə dairəvi yoldan çıxan avtomobillərin həmin ərazidə kəsişməsi aradan qaldırılaraq, “tıxac” müəyyən qədər azaldılmış olub.
Qeyd olunub ki, “Şamaxinka” ərazisində edilən daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndirilib. Bu isə 550 metrlik ərazini əhatə edir.
Sözügedən işlər nəticəsində yolda əlavə daha 1 hərəkət zolağı yaranıb. Bu da, öz növbəsində, ərazidə sıxlığın qarşısını almaq üçün müsbət addım hesab olunur.
Nəzərə çatdırılıb ki, genişləndirmə işləri ilkin mərhələdə Moskva prospektinin “Bakı Dairəvi-1” avtomobil yolu ilə kəsişməsindən ikinci geri dönmə hissəsinədək (tunelin sonunadək) aparılıb. Bu işlər çərçivəsində 2-ci Alatava küçəsi ilə kəsişmədə yerləşən avtobus dayanacağının da yeri 4-5 metr genişləndirilərək xüsusi cibli hissə yaradılıb. Bununla da avtobuslar ümumi hərəkətə maneə yaratmadan dayanacağa girib-çıxa bilirlər ki, bu da, öz növbəsində, həmin ərazidə sıxlığın azalması ilə nəticələnib.
Ərazidə “tıxac”ın aradan qaldırılması məqsədilə daha bir yenilik yaxın zamanlarda yerüstü piyada keçidinin tikintisidir. Piyada keçidinin tikintisi ilə həm avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkəti, həm də vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsi mümkün olacaq.
Yenidənqurma işlərinin aparıldığı ərazidə hərəkətin normal təşkili üçün zəruri olan yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanması işləri aparılıb. Bundan başqa, piyadaların avtomobil yolunu kortəbii şəkildə keçməsinin qarşısını almaq üçün əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılıb.
Qeyd olunan dəyişikliklər Moskva prospektinin bu ərazisində “tıxac”ın aradan qaldırılması istiqamətində atılmış müsbət addımlar kimi dəyərləndirilir.