REGİONLAR
Şamaxıya yeddi ayda 58 mindən çox turist gəlib
Şamaxı, 18 avqust, AZƏRTAC
Azərbaycanın qədim yaşayış bölgələrindən olan Şamaxı son illər turistlərin diqqətini daha çox cəlb edir. Təsadüfi deyildir ki, bölgəyə gələn istər yerli, istərsə də xarici turistlərin sayı ildən-ilə artır.
AZƏRTAC rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, təkcə cari ilin ötən dövründə Şamaxıya 58 min 780 turist gəlib. Bu da ötən ilin müvafiq dövründəkindən 6 min 628 nəfər çoxdur. Bu il Şamaxıya gələn xarici turistlərin sayı 2015-ci ilə nisbətən 2 min nəfər artaraq 10 mini ötüb. Onlar əsasən ərəb ölkələrindən, Çexiya, Yaponiya, Meksika, İran, Türkiyə və Rusiyadan, habelə Orta Asiyadandır. Turistlərə “Şamaxı Palace” , “Sakit göl” istirahət mərkəzlərində, “Göy qurşağı”, “Şirvan göl” otellərində yüksək səviyyəli xidmət göstərilir.
Zəngin flora və faunaya malik Şamaxıda antik və orta əsr tarixi abidələri nəinki yerli, habelə xarici turistlərin marağına səbəb olur. Qeyd edək ki, bölgədə 60-a yaxın bu cür abidə var.