CƏMİYYƏT
Samir Cavadzadə: Bugünkü konqres Azərbaycanda onkourologiyanın inkişafına təkan verəcək
Bakı, 30 aprel, AZƏRTAC
Konqresdə yerli və xarici mütəxəssislərin 20-dən çox məruzəsi dinləniləcək və müzakirələr aparılacaq. Şübhəsiz, bu da Azərbaycanda onkourologiyanın inkişafına təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 30-da Bakıda uroloqların ikinci beynəlxalq konqresində iştirak edən Azərbaycan Uroloqlar Assosiasiyasının sədri, professor Samir Cavadzadə jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan bir neçə xəstəlik üzrə dünyada ön yerləri tutur. Buna sidik daşı xəstəliyini misal çəkmək olar. Əgər ABŞ-da əhalinin 1-3 faizi bu xəstəlikdən əziyyət çəkirsə, Azərbaycanda bu rəqəm 8-10 faiz təşkil edir.
Ölkəmizin tibb müəssisələrində istifadə olunan son texnologiyaların xəstələrin tez sağalmasına imkan verdiyini vurğulayan S.Cavadzadə bildirib ki, əgər əvvəllər əməliyyat edilən xəstələr 10 gün klinikalarda yatırdılarsa, indi onlar 1-3 günə evə yazılırlar. O, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında ildə 3 mindən artıq uroloji əməliyyatın aparıldığını söyləyib. Qeyd edib ki, respublika üzrə hər il aparılan uroloji əməliyyatların sayı isə təqribən 11 mindir. S.Cavadzadə onu da bildirib ki ölkəmizdə dializdən əziyyət çəkən 2 minə yaxın xəstə dövlət hesabına pulsuz müalicə alır. O, həmçinin Respublika Klinik Uroloji Xəstəxanasında son illərdə 16 böyrək transplantasiyası əməliyyatının uğurla aparıldığını diqqətə çatdırıb.