İQTİSADİYYAT
Samir Şərifov: Azərbaycan qısa zamanda aşağı gəlirli ölkədən orta gəlirli ölkəyə çevrilib
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan qısa zamanda aşağı gəlirli ölkədən orta gəlirli ölkəyə çevrilib. Bu uğura əsasən iqtisadiyyatın transformasiyası nəticəsində nail olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov bu barədə Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “İnkişaf potensialı və inkişaf modellərinin yenidən nəzərdən keçirilməsi” mövzusunda Bakıda təşkil olunan seminarda deyib.
Nazir qeyd edib: “Biz Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılmasına nail olduq. Qısa müddət ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən 10 dəfə azaldı. Bir vaxtlar əgər ölkədə yoxsulluğun səviyyəsi 50 faiz idisə, indi 5 faizdən də aşağıdır. Hazırda Azərbaycanda sabit əhali artımı var. Bunu da sözsüz ki, ümumilikdə dövlətin rifahının artması ilə əlaqələndirmək olar. Bu göstəricilər fiziki və sosial infrastruktura sərmayələrin yönəldilməsi hesabına baş verib. İqtisadi artımın düzgün şəkildə istifadə edilməsi cəmiyyətə müsbət təsir edir”.