İQTİSADİYYAT


Samir Şərifov: Manat öz ədalətli məzənnəsini tapacaq

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir.

AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Maliyyə naziri qeyd edib ki, manatın fundamental məzənnəsinin tapılması üçün ölkəyə daxilolmalar və çıxarılan vəsait arasında tarazlıq olmalıdır. Bu tarazlıq olduqda hesab edirəm ki, manat öz ədalətli məzənnəsini tapacaq. Hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb. Buna baxmayaraq, Mərkəzi Bank tərəfindən keçirilən iki devalvasiya nəticəsində manatın məzənnəsinin ədalətli məcraya yönəldilməsi istiqamətində işlər görülüb. Bu proses bir neçə amildən asılıdır. Bizim əsas ixrac məhsulumuz olan neftin qiymətinin bahalaşması manatın məzənnəsinə müsbət təsir edəcək və manat möhkəmlənəcək.

"Biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın, daha çox öz məhsullarımızdan istifadə edək. Digər tərəfdən də ölkəyə daha çox valyutanın daxil olmasına və ənənəvi ixrac məhsulumuz olan neftlə yanaşı, geniş çeşiddə yeni rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına çalışmalıyıq. Bu vəzifələr tədricən həll olunduqca manat ədalətli məzənnəsini tapmaqla yanaşı möhkəmlənəcək", - deyə nazir diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.