REGİONLAR
Samux: pambıq sahələrinin hər hektarında orta məhsuldarlıq 25 sentner təşkil edir
Samux, 7 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın yenidən dirçəldilməsi və əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq bu il digər rayonlarda olduğu kimi, Samux rayonunda da uzun illik fasilədən sonra 300 hektar sahədə pambıq əkini həyata keçirilib.
Vaxtında aparılmış aqrotexniki tədbirlər nəticəsində sahələrdən bu il həm də bol məhsulun toplanılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, oktyabrın əvvəlindən bu günədək rayon üzrə 72 hektar ərazidən 177,355 ton pambıq yığılıb. Hər hektarda orta məhsuldarlıq 25 sentner təşkil edir.
Hazırda Samux rayonunda pambıq yığımı davam edir. Gələn il mövcud pambıq sahələrinin iki dəfə artırılaraq 600 hektara çatdırılması planlaşdırılır.