REGİONLAR
Samux rayonunda 10 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur VİDEO
Bakı, 6 yanvar, AZƏRTAC
Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi davam etdirilir.
Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Ümumi uzunluğu 36 kilometr olan yolun 12 kilometri Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2014-cü il tarixli Sərəncamına əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 24 kilometrinin yenidən qurulması isə “Azəravtoyol” ASC-yə həvalə edilib. Hazırda cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikinti işləri texnoloji ardıcıllığa riayət edilməklə yüksək keyfiyyətlə aparılır.
Belə ki, layihə çərçivəsində eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılır. Bunun üçün yolun yararsız qruntu 1 metrədək qazılaraq çıxarılır, əvəzinə 10 metr enində yeni yol yatağı inşa edilir. Torpaq işləri yekunlaşdıqdan sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası və hazır hissələrə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Tikinti işlərinin aparıldığı ərazilərdə yol boyu maneələr kənarlaşdırılır, kommunikasiya xətləri köçürülür. Şəxsi istifadə üçün və əkin sahələrinin suvarılmasını təmin etmək məqsədilə yolun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş köhnə su boruları bərpa edilir, buna paralel olaraq yeni su boruları qurulur, su keçidləri inşa edilir.
Bundan əlavə, yolun 23-cü kilometrində, Gəncə çayı üzərində isə 63 metr uzunluğunda, 11,5 metr enində 2 aşırımlı körpünün inşası da aparılır.
Qeyd olunub ki, Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun istifadəsi ilə 10 yaşayış məntəqəsində yaşayan 23 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, kənd təsərrüfatı məhsullarının tez bir zamanda və rahat şəkildə bazarlara daşınmasına şərait yaradılacaq.