REGİONLAR
Samux rayonunun təhsil həyatında irəliləyiş qeydə alınıb
Samux, 4 sentyabr, AZƏRTAC
Samuxda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra şagirdlərin əl işlərindən ibarət sərginin nümayişi olub.
Konfransda diqqətə çatdırılıb ki, bu il rayonda orta məktəbi bitirən 256 şagird müxtəlif ali məktəblərinə sənəd verib və onlardan 136 nəfəri tələbə adını qazanıb. 21 nəfər test imtahanlarında 500-700 arası bal toplayıb ki, bu nəticə əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir.
Son illər qazanılan uğurlardan danışılarkən qeyd edilib ki, 5 müəllim tərəqqi medalına, 5 nəfər əməkdar müəllim, 4 müəllim isə qabaqcıl təhsil işçisi adına layiq görülüb. Bir nəfər müəllim isə ilin qalibi olub.
Konfransın sonunda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş rayon gənclərinə qiymətli hədiyyələr verilib.